az

Ali Baş Komandan və Milli Ordumuzla qürur duyuruq

2016-04-07

“Mətanət A” şirkəti aprel ayının ilk günlərində cəbhə xəttində baş verən döyüşlərdə işğal olunmuş torpaqlarımızın bir qisminin ordumuz tərəfindən işğaldan azad olunmasından və düşmənə layiqli zərbə vurulmasından böyük qürur hissi keçirir, döyüşlərdə qəhrəmancasına şəhid olan əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmasını arzulayırıq.

Ana vətənimizin ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ətraf rayonlarının düşmən işğalından azad edilməsi üçün görülən bütün işlər, Ali Baş Komandan Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, dövlətimizin ədalətin bərpası istiqamətində atdığı bütün addımlar xalqımız tərəfindən daima dəstəklənib və dəstəklənəcəkdir. Bu yolda canını fəda edən qəhrəman oğullarımız daima xalqımız tərəfindən dərin hörmətlə yad ediləcək və qəlblərdə yaşayacaqdır.

Erməni qəsbkarlarının Vətənimizin bütövlüyünün pozulması istiqamətində atdığı məkirli addımların, torpaqlarımızda və sərhədlərimizdə törətdikləri təxribatların dünya ictimaiyyətinə çatdırılmasında Dövlətimizin atdığı addımlar bütün dünyada yaşayan həmvətənlərimiz tərəfindən daima dəstəklənmişdir.

Doğma torpaqlarımızın işğaldan azad olunması üçün ordumuz öz gücünü daima artıraraq,  düşmən təxribatlarına bundan sonra da layiqli cavab verəcəkdir. Dövlətimizin göstərdiyi diqqət və qayğı nəticəsində ordumuz günü-gündən güclənir, xalqımızda orduya inam artır. Bütün bu nailiyyətlər cənab Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirtdiyi uğurlu siyasətinin nəticəsidir.

Bu gün qüdrətli ordumuzla yanaşı bütün xalq işğal olunmuş ərazilərin azadlığı uğrunda son damla qanınadək vuruşmağa hazırdır. “Mətanət A” şirkətinin bütün kollektivində də xalqımızın digər nümayəndələri kimi böyük ruh yüksəkliyi və yüksək vətənpərvərlik hissi vardır, lazım olan zaman torpaqlarımızın azad olunması üçün ön və arxa cəbhədə əlimizdən gələni əsirgəməyəcəyik.