az

Mətanət A" şirkəti MosBuild 2010 sərgisində iştirak etdi

2010-04-10

Hər il olduğu kimi bu il də 6-9 Aprel 2010-cu il tarixlərində Moskva şəhərində MosBuild Beynəlxalq İxtisaslaşdırılmış İnşaat Sərgisi təşkil olundu. Avropanın ən nüfüzlu beynəlxalq sərgisi olan Mosbuild sərgisi qabaqcıl təchizatçıların, istehsalçıların və alıcıların böyük marağına səbəb olan tikinti və interyer sahələri daxil olmaqla 16 profilli sərgiləri özündə cəmləşdirən sərgidir. Burada potensial istehlakçılara dünya tikinti sektorunda baş verən yeniliklər - yeni məhsul və texnologiyalar nümayiş olunur, müştərilərlə yaxından tanışlıq qurulur, onları narahat edən məsələ və problemlər haqqında məlumat əldə olunur, partnyor və müştərilərlə mühüm strateji müqavilələr imzalanır. Bu il sayca 16-cısı təşkil olunan MosBuild 2010 Beynəlxalq İxtisaslaşdırılmış İnşaat Sərgisində 45 ölkədən 2483 iştirakçı və 98393 ziyarətçi iştirak etmişdir. Sərgi ziyarətçilərinin əksəriyyəti iri inşaat şirkətlərinin rəhbərləri və aparıcı mütəxəssisləri, iri və orta biznes nümayəndələri, azad sahibkarlar və adi vətəndaşlar olmuşdur.

Artıq ikinci dəfədir ki, "Mətanət A" şirkəti Qafqaz regionundan yeganə şirkət olaraq MosBuild 2010 Beynəlxalq İnşaat sərgisində iştirak etdi. Şirkət öz sektorundakı qabaqcıl mövqeyini növbəti dəfə olaraq MosBuild 2010 sərgisində nümayiş etdirərək böyük ziyarətçi auditoriyasının marağına səbəb oldu. Daima yeniliklərə üstünlük verən "Mətanət A" şirkəti bu sərgidə də yeni məhsulları ilə ziyarətçilərin yaddaşında qaldı. Şirkətin stendinə olan böyük marağın əsas səbəblərindən biri də məhz "Mətanət A" şirkətinin istehsal etdiyi məhsulların çoxsaylı və çoxçeşidli olması, onların ildən - ilə daha da yüksək keyfiyyətlə və müasir texnologiyalarla istehsal olunmasıdır. Sərgi zamanı şirkətin istehsal etdiyi məhsullarına maraq göstərən ziyarətçilərə şirkətin məhsulları haqqında kataloqlar, broşuralar paylanıldı, onların sualları ətraflı cavablandırıldı.