az

“Mətanət A” şirkəti əmək yarmarkasında iştirak edib

2017-11-07

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə   “Karyerada ilk addım” devizi altında növbəti  aktiv məşğulluq tədbiri “Odlar Yurdu”  Universitetində keçirilib. Yarmarkanın təşkil olunmasında əsas məqsəd işsiz insanlara ixtisası üzrə iş tapa bilmələrində yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək və  işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarət olub.

İşsiz və işaxtaranlar üçün hər il ölkəmizdə keçirilən əmək yarmarkalarında və sərgilərdə fəal iştirak edən “Mətanət A” şirkəti bu dəfə də ənənəsinə sadiq qalıb.

Azərbaycanda sektorun lideri olan “Mətanət A” şirkəti  “Əmək yarmarkasında” 4 vakant iş yeri ilə təmsil olunub. Şirkətin nümayəndələri tərəfindən yarmarka iştirakçılarının çoxsaylı sualları cavablandırılıb, bu müəssisədə karyera qurmaq istəyində olan şəxslərə məsləhətlər verilib və onların müraciət anketləri qəbul olunub. 

 Qeyd edək ki, tədbirdə 50-si özəl, 4-ü dövlət sektoruna aid 54 müəssisə tərəfindən 267 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Həmin vakant iş yerlərinin 49-u dövlət, qalan 218-i isə özəl müəssisələrə aid olub.  

Tədbirin açılışını edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Mətin Kərimli və “Odlar Yurdu” Universitetinin  rektoru Əhməd Vəliyev “Mətanət A” şirkətinin məlumat masasını ziyarət edərək şirkət və təqdim olunan iş yerləri haqqında yaxından tanış olub. 

Tədbirdə aktiv iştirak etməsi ilə mətbuatın da diqqətini çəkən “Mətanət A” şirkətinin əməkdaşlarından xüsusi reportaj alınmışdır.

 “Mətanət A” şirkəti daim  işçi heyətinə diqqət və qayğı ilə yanaşaraq, onları dəyərləndirir, parlaq karyera və ixtisasartırma üçün geniş imkanlar yaradır.

 Qafqazda quru inşaat qarışıqlarının ilk istehsalçısı olan “Mətanət A” şirkətinin istehsal etdiyi məhsullar ölkəmizdə keyfiyyət və inam göstəricisi kimi tanınır. 

Şirkət 3 sistemdə, 24 məhsul qrupunda fəaliyyət göstərməklə, 200-dən çox ticarət markasına və 1000-dən artıq məhsul çeşidinə malikdir.