az

"Mətanət A" şirkətində ulu öndər Heydər Əliyevin 88-ci il dönümü ilə bağlı tədbir keçirildi

2011-05-10

10 May 2011-ci il tarixində uzaqgörən siyasətçisi, Azərbaycan xalqının böyük oğlu, görkəmli siyasi xadim, fenomen insan, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü münasibəti ilə paytaxda və regionlarla yanaşı dünyanın dörd bir yanında yaşayan azərbaycanlılar tərəfindən anım tədbirləri keçirilmiş və ulu öndərin əziz xatirəsi böyük ehtiramla yad olunmuşdur.

Bu kimi anım tədbirlərindən biri də “Mətanət A” şirkətində keçirildi. Tədbiri giriş sözü ilə açan şirkətin rəhbərliyi müasir Azərbaycanın inkişaf tarixinin birbaşa Heydər Əliyevin adı və ideyaları ilə bağlı olduğunu bildirdi. Bundan əlavə müstəqil Azərbaycan dövlətinin formalaşması, bununla yanaşı cəmiyyətin bütün sahələrinin yüksək dinamik inkişafı, tərəqqisi, müasirləşməsi, ölkənin bütün regionlarında quruculuq və abadlıq işlərinin geniş vüsət alması ulu öndərin ideyalarının hər bir vətəndaşımız tərəfindən həyata keçirilməsinin bariz ifadəsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirildi ki, Ulu öndərin Azərbaycan və azərbaycanlılar üçün gördüyü əvəz olunmaz və unudulmaz fəaliyyəti hər zaman qədirbilən xalqımız tərəfindən anılır və qeyd olunur. Şirkət rəhbəri qeyd etdi ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin təməlində məhz ümummilli liderin ideyaları dayanır. Ulu öndərin qurub yaratdığı müasir Azərbaycanın regionda və eləcə də dünyada söz sahibi olması onu göstərir ki, həqiqətən də Heydər Əliyev öz xalqı üçün əvəzolunmaz və unudulmaz bir öndərdir.

Tədbirdə iştirak edən digər iştirakçılar da Heydər Əliyevin xalq, millət və cəmiyyət üçün gördüyü işlərdən, onun həyata keçirdiyi uğurlu siyasətdən danışdılar. Bir daha vurğulandı ki, məhz Heydər Əliyev ideyaları bu gün Azərbaycanın əldə etdiyi iqtisadi uğurların, milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi sahəsindəki böyük uğurların mənbəyi olmaqla yanaşı, Azərbaycanın daha da qüdrətli gələcəyinin qarantıdır. Sonda şirkət kollektivi ümummilli liderin memorial abidəsini ziyarət etdi, abidə önünə gül dəstələri qoydu.