az

Qarabağ bölgəsinin bərpası və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilib

2021-09-13

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində biznes forum keçirilib.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr olunmuş biznes forumun açılışında çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, türkdilli dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan iqtisadi münasibətlər keyfiyyətcə yeni müstəvidə ildən-ilə daha da genişlənir. TDƏŞ-ə üzv dövlətlərlə uğurlu ticarət-investisiya əməkdaşlığı həyata keçirilir. 1995-ci ildən 2021-ci ilin 3 ayınadək olan TDƏŞ üzvü olan ölkələr Azərbaycan iqtisadiyyatına 13,5 mlrd. ABŞ dolları həcmində investisiya qoyub. Azərbaycan isə üzv ölkələrin iqtisadiyyatına 18,6 mlrd. ABŞ dolları sərmayə yatırıb.

Azərbaycanda Yaşıl İqtisadiyyatın inkişafına dəstək verən və istehsal texnologiyalarında bu istiqamətə xüsusi diqqət ayrılmasına görə Tikinti Materialları sahəsində “Mətanət A” şirkəti xüsusi ilə fərqlənir. Biznes forumda Azərbaycan Tikinti Materialları Assosiasiyasının sədri, “Mətanət A” şirkətinin təsisçisi Elxan Bəşirov iştirak edib.  Onu da qeyd etmək olar ki, “Mətanət A” şirkəti tərəfindən işğaldan azad olunan ərazilərdə Azərbaycan xalqının məşğulluğuna və iqtisadiyyatına töhfə olaraq tikinti materiallarının istehsalı üzrə zavodunun tikintisi planlaşdırılır.

Tədbir çərçivəsində Qarabağın bərpası və yenidənqurulması istiqamətində görüləcək işlər barədə təqdimat keçirilib.

Sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Qazaxıstanın “QazTrade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd xarici ticarət fəaliyyətinin təşkili və stimullaşdırılması sahəsində təcrübə mübadiləsi məsələlərini ehtiva edir.

Forum işini ikitərəfli görüşlərlə davam etdirib.